• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Bizim kəndin xatirələri

Cəmiyyət

17-06-2020, 03:21

Bizim kəndin xatirələri


Mən uşağam...

Balaca uşağam. Ailənin ilk övladıyam. Ana babamın ikinci övladından nəvəsiyəm. Onlar Əliağalıda, mən valideynlərimlə Əlimədədlidə yaşayıram. Böyük dayım “urusun slujbası”nda olduğuna görə, kişi mənimlə vaxt keçirməklə ovundurur özünü oğul həsrətinə dözməkdə... Mən də meylimi babamgilə salmışam.

Həftə səkkiz-mən doqquz Əliağalıda oluram. Əliağalı kəndi Ağdamın ən ucqar dağ kəndlərindən biridir. Xaçın çayının sahilində yerləşir. Hər səhər dan yeri söküləndə saf, qayğısız kənd camaatın dağ-dərələrə örüşə ötürdüyü mal-qaranın, qoyun-quzunun mələrtisi özünü dağlara-daşlara vurub “nərə”si ilə ürək qoparan Xaçının səsinə sanki züy tutur... Hələ quşların nəğmələrini də bu qarışıq ecazkar səsin fonunda dinləyəndə, adam sirli-sehirli müsiqinin təsiri altında olduğunu hiss edir... Quşlar demişkən, bağçaya sağsağan qonub ağzın açsa və mən onu görsəm, nəğd idi ki, həmin gün Ələkbər kişinin mağazasından “importnıy” saqqızım hazırdır, amma bir şərtlə: Mən o sağsağana baxıb: “Sağsağan, sağsağan! Xeyir olsun, dayımdan xeyir xəvər ver, dayıma xeyir apar” deməli və elə eləməliyəm ki, “səxavət kisəsi” o qədər də geniş olmayan nənəm eşitməlidir. Əks halda, onun əli qoynuna getməyəcək və balaca sarı təklik mənim əlimdə Ələkbər kişinin piştaxtasına doğru sevincək “uça” bilməyəcəkdi...

Gör ha... sağsağan Əliağalıdan Almaniyaya xeyir aparacaq... Əşi, mənə nə lazımdır, sağsağanın Almaniyaya getməyi, yoxsa saqqız? Əlbəttə ki, saqqız... Bəzən məni saqqız almağa yola salan nənəm balaca dayımı “konvoy” təyin edirdi ki, yolboyu şuluxluğumu “kompensasiya” edə bilsin... Bundan sonra günün “nizam qaydalarına” uyğun olaraq hamının gözü doqqazda qalarıdı... Darvazadan içəri girəcək poçtalyonu hamıdan çox mən gözləyərdim... O tez gəlsə, mənim növbəti saqqız “proje”mə zəmin yüzə-yüz artırdı... Həm də, gələn məktuba cavab yazılanda mənim toppuş əlimi vərəqin üstünə qoyub qələmlə şəklini çəkər, məzmunu da mənim dilimdən yazacaqlar. Bunun həm də Almaniyada xidmət edən dayımı, necə deyərlər, tilsimləmək, sehirləmək anlamı daşıdığını uzun illər sonra dərk edəcəkdim ki, ailənin ilk nəvəsini-böyükbacıoğlusunu görmək istəyi dayıma alman, latış-matış, urus-murus qızı alıb orda qalmağa macal verməsin... Camaat hər dəfə nənəmgillərdən kimləsə rastlaşanda dayımdan məktub gəlib-gəlmədiyni soruşur. Bu da, oğullarının əsgər olduğuna görə ailədə hamını qürurlandırdı. O kəndin hər ailəsində belə olduğuna kimsə şübhə etməsin... Belə Vətənpərvərdir mənim Əliağalım, əliağalılarım... Kəndin axşamçağı da maraqlı olur. Babam mal-qarasını, davarını örüşdən gətirir, həyətdə yer-yurd eləyir, evin zənən xeylaqları sağına başlamaq üçün qol çırmayır, hazırlıq görür. Xalamın hansısa bu işlər bitənə qədər paqqa-paq qaynıyan simovarıdan kəkliotulu, güllü-çiçəkli çay dəmləyir, çayniki samovarın başındakı dəmkeşə qoyub çay dəstini süfrəyə gətirir, ailənin şam yeməyinə hazırlıq görür. Mən də yorğun-arğın babamın dizləri üstündə oturub, Əliağalı kişisinin necə böyüməsi haqda səssiz dərs alıram baxışlara, davranışlara, göstərişlərə tamaşa edə-edə... Evdə olanların hamısı süfrə başındadır. Kişi əlini süfrəyə uzatmadan kimsə ürək eləməzdi çörək kəsməyə. O da “bismillah” eləyəndən sonra bir loxma öz ağzına aparır, birini də mənə verir-elə bil, bütün bu səltənəti, bu duz-çörəyi mənimlə şərik qazanıb... Arada evdə şəkərdən bişirilən qəndi nəlbəkiyə tokülmüş çayımın içinə atıb istəkanın altında əzib qarışdırır. Mən də babamın dizindən sürüşüb yerdən sərilmiş süfrənin qırağında qarnı üstə uzanıb hörtdədirəm. Sonra yatmağa... Günüm belə başlayıb, belə bitir...

Həmin gecələrdən biridir

Öz hönkürtümə yuxudan oyandım. Xalalarım məni kiridə bilmirdi. Hətta onların birinin son zəng zamanı hədiyyə aldığı, qırmayım deyə məndən qorğandıqları xatirə hədiyyəsini mənə verdilər, yenə xeyri olmadı. Səsimə, bütün günü dağda-daşda əkin-biçindən, çöl işindən yorğun gəlmiş babam da oyandı. Mən “kəndimizi istəyirəm”, - dedim, başqa heç nə demədim. Adətən, belə tərsliyim tutanda səhərə qədər başımı qatıb, tezdən o başdan tənək bağlarında işləyən kəndliləri aparan avtobusla, ya da bizim kəndə sənəd-sünəd dalınca gedənlərin biri ilə göndərirdilər. Ancaq “bu xına o xınadan deyildi”. Əlacsız qalan babam atı yəhərləyib, məni də tərkinə alıb yola düzəldi. O qədər ağlamışdım ki, özümdən ixtiyarsız ara bir hıçqırırdım. Əliağalının içiylə yorğa yeriyən atın tərkində babamdan bərk-bərk yapımışdım. Kəndimizə gedirəm... Xaçın sahili boyunca uzanan yolla xeyli gedəndən sonra “Mədən tövlə” deyilən hökumət fermasının tuşundan çəpləndik yonca sahəsinə. Yaz fəslidir. Hərdən çaxan şimşək ətrafı işıqlandıranda itlərin hürüşmə səsi gələn kəndimiz açıq-aydın görünür.

Kəndimizə çatırıq

Babamın kəhəri yonca sahəsinin ortasından kəndimizə tərəf gedən cığır ilə hərəkət edir. At hərdən yorğadan çıxıb dördəmə keçəndə daha çox silkələnirəm.

Bayaqdan yorğaya arxayın olub yəhərdən yapışmışdımsa indi babamı qomarqalayıram. Yazıq kişi də qayış qamçı ilə yüyəni sağ əli ilə tutub, sol əliylə məndən yapışır. Kəndin başına çox az qalıb. Bir neçə böyük söyüd ağacından sonra Baxşalı əminin, onun sağ tərəfində idarə yoluna tərəf gedəndə Edilov Şahlar əminin yeni məhəlləsidir. İtlərin hürüşməsini, bir də atımızın nalının səsini çıxsaq, kəndin gecəsinə sükut hakim olub. Qəribin, Seymur əmimin, Vəlyəddinin, Edilov Tofiq əminin evindən sonra bizi üç yol qarşılayırdı. Sağa dönəndə Xosrov kişinin mağazası, kənd çayxanası və sonra bizim ev idi. Evimizi atamla anamın qəpik-qəpik topladığı pulla Zabilə adlı erməni əsilli bir qadından yenicə almışıq. Dəmir darvazası olmayan həyətin geniş bağ-bağatı qonaq-qarasız keçmir. Atamın Bakıdan gələn dostları, qonaqları narın dibindəki manqalı boş durmağa qoymurdu. Babam qapını döyüb evdəkiləri oyadır. Oturub bir çay içir və geriyə-Əliağalıya yola düzəlir.

Kəndimiz

Digər ətraf kəndlərdən fərqli olaraq bizim kəndin sübhü daha çox təlatümlü olur. Kolanı dərəsinin yeddi para kəndinin ictimai mərkəzi burada yerləşir. Hər tərəfdən uca dağlarla əhatələnən kəndimizə Xaçın su anbarı xüsusi gözəllik verir. Burada günəş dan yerindən boylanmamış heyvanlar örüşə aparılır, ardınca maşınlar yol boyu ora-bura şütüyür, kənddə qaynar həyat başlayır. Demək olar ki, kənd çayxanasında hər kəndin nümayəndəsinə rast gəlmək olar. Həm də kənddə bir peşə məktəbi, xalçaçılıq sexi, mədəniyyət evi və digər xidmət mərkəzləri fəaliyyət göstərir. Təəssüf ki, mən sizə meşəli dağlardan, sızqa bulaqlardan geniş söz aça bilmirəm.

Çünki cəmi dörd-beş yaşı olan bir uşağın xatirələri o qədər geniş ola bilməz. Heç gedib görməmişdim də... Yadımda qalan kəndin aralığı ilə məktəbə yaxın yerdə qalan ata babamgilin və digər qohumların evləridir. Çörək zavodu, “20 yanvar” abidəsi, “Şlaqbaum” isə lap ağ-qara canlanır xatirələrimin dərinliyində. Kəndin ən qədim nəsillərindən birinin dördyaşlı davamçısı idim. Atamın atasın heç vaxt görməsəm də, onu görənlər indi də kişinin qoçaqlığından danışır. Rus hökuməti şəxsi mülklərini müsadirə edib böyük tarlaları, bağları, evləri əllərindən almağa başlayanda Babam Gəncim silahlanıb at belinə çıxıb, qaçaq dəstələrinə qoşulub, rus və ermənilərə qarşı haqq savaşına çıxıb. Bir neçə dəfə həbs edilməsinə baxmayaraq mübarizəsini dayandırmayıb. Mən isə onun kiçik oğlunun övladıyam. Bizimkilərin qoçaqlığı qədər ziyalıları da az deyil. Ali Sovetin deputatı, Xalq yazıçısı, alimi, professoru olub Əlimədəd kişinin soyunun davamçılarından...

Kəndimizdə toy

Uşaq yaddaşımda ala-toran qalsa da, xatırlayıram. Bir dəfə axşam çağıydı. Səhərdən yağan güclü qar bir az səngimişdi. Atam məni boynuna mindirib toya getdiyimizi dedi. Kolanı elində toy bir başqa olur. Gündüzlər yemək və müsiqi mağarı ayrı olur. Ancaq axşam düşəndə kəndlilərim aşıqlar olan mağara toplanıb musiqiyə qulaq asıb, sonra qol-qanad açıb oynayırdılar. Səhv etmirəmsə, Şükür adlı həmkəndlimin toyu idi. Məcilisi Şahmalı Kürdoğlu aparırdı. Ustad rəhmətlik Gəncim babamla qazamat yoldaşı olmuşdu. Ona görə də bizim sülaləni tanıyır və xüsusi ehtiram göstərirdi. Aralıdan mağara girəndə uşaq baxışlarımla ətrafa nəzər saldım. Nənəm, nənəmin bacıları ağbirçəklərlə oturmuşdu. Mehralı əmim isə digər əmisi oğlanları ilə oturub məclisə tamaşa edirdilər. O atama işarə elədi ki, məni Onun yanına aparsın. Qənşərinə çtana qədər getdik ona sarı... Alnımdan öpüb saçımı qardırdı. Yeri gəlmişkən onu da deyim ki, əmilərimin içərisində ən böyüyü Mehralı əmim idi. O ixtisasca hərbçiydi. Seymur əmim isə çilingər idi. İkisi də çox mehriban və qayğıkeş idi. Bir şeyi də deyib keçək toya: Maya nənəm Gəncim babamın üçüncü arvadıydı. Mənim xeyli ögey əmim və mamalarım (bibilərim-atamın bacıları) var. Ancaq mən həyatı dərk edənə qədər onun fərqində olmamışam. Kəndimizin bir xüsusiyyəti də elə bu mehribançılıq idi. Kürdoğlu qavalı qulağına basıb rast oxuyur. O zamanlar səsgücləndirici aparatlar o qədər də çox yayılmadığına görə xanəndə muğam oxuyanda hamı sakitcə onu dinləyib, alqışlayırdı. Həm də bu sakitliyə milli dəyərlərə önəm, adət-ənənə, böyük-kiçik saymaq məsələsi də də ciddi təsir göstərirdi. Belə idi kəndim, kəndlilərim... Hələ sizə bəy tərifi zaman baş tutan təmtərağı, hay-həşiri deyim. Məşəllər qalanar, çaxmaqlar çəkilir, tüfəng səsi qulaq batırır... Kəndin cavanları bəyi mağarda qurulmuş bəy masasına gətirirlər. Bəy tərifi başlayır: hamı həvəslə xanəndənin ağzın güdür ki görək nəmər üçün haçan dəvət olunacaq...

Kəndimizin qara günləri

Hərdən əmimgillərin toplanıb xəlvət söhbətləşmələrindən heç nə anlamasam da ciddi nələrinsə baş verdiyini hiss edirdim. ...Hər şey atamın ilk dəfə evə avtomat gətirdiyi gün başladı. Məndə kiçik qardaşım da anladıq ki, atamız, əmimiz, dayımız müharibə adamına çevrilib. Anlaşıldı ki, Ermənilər kəndlərimizə basqın edir, insanları qətlə yetirir, camaatın mal-qarasını, əmlakını yağmalayırlar. Kəndin əli silah tutanları silaha sarılıb səngər qazmağa başlayıb. Daha sonra kənddəki peşə məktəbinin bazasında Azərbaycanın ilk könüllü milli ordusunun təməlini qoyan alayın qərargahı yaranır. Amansız döyüş toqquşmaları kəndlilərimin ürəyin dağlayır. Artıq kəndimizə şəhidlər gəlir, hərbi formada əl-ayağı sarıqlı əmilər çoxalırdı. Buna baxmayaraq, heç kim ruhdan düşmür, hamı bir nəfər kimi düşmənlə döyüşə atılırdı. Döyüş demişkən, döyüşlərdə qohumlarımız olan Edilovların zəhmətini danmaq dinsizlik olar.


Həmin soyadda olan ən kiçik yaşlı döyüşçünün on dörd yaşı var idi. Məhz kəndlilərimizin başına toplandığı Yelmar Edilov 1994-cü ilə qədər cəbhənin müxtəlif istiqamətlərində düşmənə sarsıldıcı itkilər verdirmişdi.

Fərruxla Fərruxa tamaşa

Fərrux mənim balaca qardaşımdır. Ailədə cəmi iki uşağıq. Maya nənəm deyir ki, o nadinclikdə atama oxşayıb. Atam da uşaq vaxtı “az aşın duzu” olmayıb. Nənəm kənd məktəbində xadimə işləyəndə müəllimlərin hansısa onunla bir az ucadan danışıb. Bunu eşidən yeddinci sinif şagirdi atam rəhmətlik babamın silahlarından birini götürüb məktəbə gedib. Təxminən iki saatdan artıq pedeqoji kollektivə həyacanlı anlar yaşadıb. Mehralı əmimlə atamın xaraktercə bir-birinin əksi olduğu kimi Fərruxla da mən nadinclik baxımdan bir-birimizin əksi olmuşuq. Amma Maya nənəmə xatir hamı onu məndən daha çox istəyirdi. Çünki o, nənəmin, hökümətə qarşı çıxdığına görə, ruslar tərəfindən kənd meydanında güllələnən qardaşının adını daşıyırdı. Özü də, ruslar onu kiçik qardaşı İbrahimlə qurşuna düzəndə Fərrux həm nişanlı olub, həm də, dədəsi Kərbəlayi Əbdulkərimin varidatını idarə edən adam olub. Bax elə, sevginin qaynağı da, nadincliyin səbəbi də bu idi. Ancaq dəfələrlə xatırlayanda utandığım bir necə xatirəm var. Bir dəfə onun qolunun qırılmasına, bir dəfə də başının yarılmasına səbəb olmuşam. Düzünü desək, onun başını yaranda mən çox haqlı idim. Deyim siz də agah olun: Anam gilas mürəbbəsi bişirib qablaşdırmışdı. Mürəbbə ləyənini ağacın dibinə qoymuşdu ki, orada qalan mürəbbəni yalayaq. Mürəbbənin suyunu kəfkirlə toplayıb götürmək istəyəndə Fərrux hazıra nazir olurdu. Mən də eləmədim təmbəllik, kəfkirin tiniylə təpəsinə birin ilişdirdim. Həmin çapıq hələ də onun başında qalıb. Sizi çox yormayıb, keçirəm Fərruxla Fərruxa tamaşamıza. Çox-çox üzr istəyirəm valideynlər biz iki qardaşın kiçik toyu üçün hazırlıq işlərinə başladılar. Kəndimizdə də hamı bir-birə qohum olduğu üçün belə məclislər xırda keçmir. Xeyli qonaq nəzərdə tutulub, hazırlıq işləri görülüb, heyvanlar kəsilib, hamı sabahı gözləyir. Amma sübhə yaxın böyüklərimizə məlum oldu ki, atamla əmilərim məclisdə iştirak edə bilməyəcək. Komandanlıqdan qəfl Fərruxa hücum əmri gəlib. Kiçik toyumuz onlarsız keçdi. Əmim kirvəm olacaqdı, səki... başımızın üstündəki dağda döyüş gedir, həyətimizdəki bağda kəndlilərim və doğmalarım yeyib-içir... Xülasə, dəllək gəlib öz işini görüb getdi, bizi yatırdılar çarpayıya. Axşam Anamın səsinə oyandıq, o bir-bir başımızı sığallayıb durun, Fərruxa baxın deyirdi. Hər ikimiz dağın ətəyindəki bənzərəyə kilidlənmişdik. Fərruxun ətəyi çəhənnəm kimi yanırdı. Amma bu yanğının alovları susqun-susqun ləpələnən Xaçın su anbarında elə əks edilmişdi ki yemə, içmə tamaşa et... Sonra məlum oldu ki biz yuxuya gedəndən sonra döyüşdən qayıdan atamla əmim avtomatlarını yastığımızın altına qoyub.

Son vidamız

Günü-gündən mərmi səsləri yaxından gəlməyə başlayırdı. Kənddə yaşamaq əsl təhlükəyə çevrilmişdi. Demək olar ki, mərmilər kəndə düşürdü. Belə hadisələrin birində qonşumuz Tofiq əminin yoldaşı həlak oldu. Ətrafda gedən döyüş əməliyyatları səbəbindən bir neçə dəfə kəndi tərk edib Kəngərli kəndində yaşayan Akif əmi gilə getmişdik. O kənddə bizim nənə qohumlarımız yaşayırdı. Akif əmi XTPD-nin (OMON) zabiti idi. Çox mehriban, qayğıkeş ailəsi var idi. Ancaq bu müvəqqəti köçlər bizi yenidən doğma mənzilə aparırdı. Amma sonuncu dəfə... Anam təndirə kundə yapırdı. Birdən yaxınlıqdakı hərbi hissədə həyacan siqnalı çalındı. Əsgərlər evimizin qarşısından qaçaraq üzüyuxarı qaçmağa başladılar. Anam əsgərin birindən nə baş verdiyini soruşanda əsgər dedi ki, ermənilər kəndə bir neçə istiqamətdən hücuma keçib. Bax, biz həmin gün mərmi partlayışları müşayəti ilə əynimizdəki paltardan başqa heç nə çıxarmadan kəndi tərk elədik. Daha doğrusu, doğma Əlimədədlimdə ölüb qalmağa yaşımız çatmadı...

Bir neçə həftə sonra

Atam döyüşdən qayıdıb köçkün düşərgəsində bizi tapıb. Əlində bir torba ərzaq, çiynində silah, üzü-başı tüklü bizi ziyarət elədi. Anam ondan kəndimizi soruşanda o, “Toyuq hinini açıb bir kisə dəni onların qarşısına boşaldım və kəndi tərk etdim” dedi. Atam möhkəm adamdır. Hər saat hər şeyə görə ağlamağı bacarmır. Amma atam danışdıca, gözləri dolan anamın dodaqları əsirdi. Özünü qadın qarşısında günahkar hesab edən atam çiyinlərin çəkib, “Mən nə edim, evimizdən çıxanda, ermənilər Baxşalının evini yandırırdılar... Aha... Baxşalının evi. Deməli, erməni, mən sonuncu dəfə babamla Əliağalıdan gəldiyim yolla gəlib kəndimizə. Bizi kəndimizdən alıb, kəndimizi bizsiz qoymuşdu. Hələ də eləyik...

Bizim kəndin xatirələri

Sizə gördüklərini danışan o beş yaşlı uşağın indi 33 yaşı var.

Kəndin işğalı onun xəyallarını da işağl edib. Köçkünlük dövründə yeganə həmkəndli dostu Nurlan İsgəndərov oldu. Nurlanın atası və əmiləri müharibə iştirakçısıdır. Onun nənəsi biz X sinifdə oxuyanda vəfat etdi. Tutulduğu ağır xəstəliklərə baxmayaraq, ölüm yatağında solğun gözlərini çadır daxmasının qapısına zilləmişdi. Cəbhədə itkin düşən oğlu Səməndərin yolunu gözləyirdi... Səməndər əmi gəlmədi... Amma Tamaşa nənə bir dəfəlik aramızdan getdi. Nə bilmək olar, bəlkə də indi oğlu ilə birlikdədir. Bundan başqa, Mehralı əmimin də ürəyi yurd həsrətinə tab gətirmədi. Cəngavərlikdə babama ən çox oxşayan Seymur əmim isə Bakının Əhmədli qəsəbəsində xərçəngə məğlub oldu. Torpaqlar işğaldan azad olunda daha məni kəhərin tərkində Əliağalıdan Əlimədədliyə gətirən babam olmayacaq. O da Kolanı dedi, başqa heç nə demədi. Lal oldu, kar oldu... Xərçəng onu da yıxdı... hər kəs özü ilə o dünyaya bir xatirə aparır, elə bu dünyada da xatirəyə çevrilir. Bəlkə də, bu mənim doğma kəndimiz haqqında yazdığım sonuncu yazıdır. Bəlkə bir daha yazmayacam, bəlkə də kəndimizdə kəndimiz haqqında kitab yazacam...

Elgün Gəncimsoy



Oxunub: 646
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

18-05-2020, 11:59

Aydın Ulusoyun Baxış bucağı

Hadisə

10-03-2020, 14:24

Bakıda arvadı ilə mübahisə edən kişi özünü asdı

Cəmiyyət

26-02-2020, 17:11

Masallıda dəhşət: Xərçəng xəstəsi özünü quyuya atdı

Sosial

31-10-2019, 13:18

“Restoranlarda nərə balığı adı ilə başqa ət satırlar”

Səhiyyə

11-10-2019, 09:57

2 dəqiqəyə necə şirin yuxuya getməli? — Hərbi pilotların metodu

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
31-07-2026, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
Son xəbərlər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • 31-07-2026, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • 31-07-2026, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • 31-07-2026, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • 31-07-2026, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • 31-07-2026, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • 31-07-2026, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • 31-07-2026, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • 31-07-2026, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • 31-07-2026, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • 31-07-2026, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • 31-07-2026, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • 31-07-2026, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • 31-07-2026, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
Daha çox
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 15:47
İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
31-07-2026, 15:52
“Keçid ballarının artacağı gözlənilir”
31-07-2026, 15:51
Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
31-07-2026, 16:14
Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə