Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Pekin Kimya Texnologiyaları Universitetinin (PKTU) birgə təsis etdiyi PKTU-BMU Mühəndislik fakültəsi abituriyentlərə beynəlxalq standartlara uyğun mühəndislik təhsili almaq və ikili diplom proqramı çərçivəsində təhsilini davam etdirmək imkanı yaradır.
Xəbər verilir ki, 2026-2027-ci tədris ilindən fəaliyyətə başlayacaq fakültədə kompüter elmləri, kimya, biotexnologiya və mexanika mühəndisliyi ixtisasları üzrə tədris həyata keçiriləcək.
2026-cı ildə bakalavriat səviyyəsinə qəbul imtahanlarında iştirak etmiş abituriyentlər ixtisas seçimi (kodlaşdırma) mərhələsində PKTU-BMU Mühəndislik fakültəsinin müvafiq ixtisaslarına üstünlük verməklə bu proqrama qəbul oluna bilərlər.
Fakültədə ikili diplom proqramı 3+1 təhsil modeli əsasında həyata keçiriləcək. Tələbələr təhsilin ilk üç ilini BMU-da, sonuncu ilini isə PKTU-da davam etdirəcəklər. Proqramın akademik tələblərini uğurla yerinə yetirən məzunlara həm BMU-nun, həm də PKTU-nun diplomu təqdim olunacaq.
Tədris prosesi hər iki universitetin təcrübəli professor-müəllim heyətinin birgə iştirakı ilə təşkil ediləcək.
Fakültənin mühəndislik təhsilinə inteqrativ yanaşması tələbələrə nəzəri hazırlıqla yanaşı, praktik bacarıqların inkişafı, beynəlxalq akademik mühitdə təcrübə qazanılması və müasir texnologiyalarla işləmək səriştələrinin formalaşdırılması üçün geniş imkanlar yaradır. Bu yanaşma məzunların əmək bazarının dəyişən tələblərinə uyğunlaşmasına və gələcək akademik, elmi və peşəkar fəaliyyətlərində rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına xidmət edir. Təhsil proqramları beynəlxalq mühəndislik təhsili standartları əsasında hazırlanıb və tələbələrin fundamental nəzəri biliklərə, müasir elmi yanaşmalara və peşə səriştələrinə yiyələnməsini, eləcə də qlobal akademik və peşəkar mühitdə uğurla fəaliyyət göstərmələri üçün zəruri bilik və bacarıqlar əldə etməsini təmin etməyə yönəlib.
Fakültə çərçivəsində tələbələrin beynəlxalq elmi-tədqiqat layihələrinə cəlb olunması, akademik mobillik proqramlarında iştirakının genişləndirilməsi, innovasiya və qabaqcıl texnologiyalar sahəsində nəzəri biliklərinin və praktik bacarıqlarının inkişafı üçün əlverişli akademik mühit formalaşdırılacaq. Bununla yanaşı, elmi-tədqiqat fəaliyyəti, innovasiya ekosistemi və texnologiya transferi istiqamətlərində BMU ilə PKTU arasında institusional əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.
Bu əməkdaşlıq modeli tələbələrə beynəlxalq təhsil və tədqiqat mühitinə inteqrasiya olmaq, qlobal elmi əməkdaşlıq şəbəkələrində iştirak etmək, innovativ layihələrdə praktiki təcrübə qazanmaq və gələcək karyeraları üçün möhkəm akademik və peşəkar baza formalaşdırmaq imkanı yaradacaq.
Beynəlxalq standartlara uyğun mühəndislik təhsili almaq, ikili diplom əldə etmək və qlobal əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mühəndis kimi formalaşmaq istəyən abituriyentlər üçün PKTU-BMU Mühəndislik fakültəsi uğurlu akademik və peşəkar inkişaf üçün əlverişli seçimdir.
Fakültə ilə bağlı əlavə məlumat əldə etmək üçün aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz: mobil: +994 50 657 94 55 və +994 50 454 34 84
Telefon (şəhər): +994 12 349 99 66