Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 5-ci döngə, mənzil 1/3 ünvanında yaşayan jurnalist, 2-ci qrup əlil Əskərova Minarə Balaşah qızının sosial vəziyyətinin ağır olması, əlilliyi və şəxsi mənzilinin olmamasını nəzərə alaraq dövlət hesabına mənzillə təmin olunması üçün bir qrup ziyalı, ictimai xadim və tanınmış jurnalistlər ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlayıb.Müraciətdə bildirir:
"Hörmətli cənab Prezident!
Əskərova Minarə Balaşah qızı 28.06.1979-cu il tarixində Bakıda anadan olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetininin “Kütləvi Tədbirlər və Tamaşalar Rejissoru “ ixtisasından qırmızı diplomla məzun olub.
Yaradıcı fəaliyyətə ilk dəfə “Space” telekanalında ştatdankənar prodüser kimi başlayaraq daha sonra müxtəlif illərdə fəaliyyətini “Lider” telekanalında və “Soy Production”da davam etdirib.
02.05.2006-cı il tarixindən etibarən isə İctimai Televiziya və Radio Yayımları Şirkətində prodüser vəzifəsində çalışır. Artıq 15 ildir ki, bu televiziyada fəaliyyət göstərir. İctimai televiziyada iş fəaliyyəti dövründə “23 Nisan Uluslararası Çocuk Festivali”, “Biz belə əylənirik” verilişlərinin həm ssenari müəllif, həm də prodüseri kimi çalışıb. “Gənclik həyatı”, “Biri varmış, biri yoxmuş”, “Darıxan adam” (sənədli film), Mir Mövsüm Nəvvab” (sənədli film), H.Z.Tagıyev (sənədli film), “Keçmişdən salam var”,” Yadigarlar”, “Növbədəkilər”, “Nübarlı bağ”, “Din və cəmiyyət” , “Film-media” kimi telelayihələrinin prodüseridir.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Əlil arabasında idman rəqsi” üzrə Beynəlxalq Festivalın təşkilində prodüser kimi çalışıb, xüsüsı mükafata layiq görülüb. Olimpiya hərəkatının genişlənməsi, sağlam və fəal həyat tərzinin təşviqi, həmçinin bədən tərbiyəsi və idmanın geniş ictimaiyyət arasında təbliğində göstərdiyi fəaliyyətə görə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi tərəfindən təltif olunub.
2016-cı ilin əvvəlində səhhətində ciddi problemlər yaranıb. Həmin ilin fevral ayında Respublika 1 saylı Kliniki Xəstəxanası tərəfindən ona “Yuxarı saggital sinus və falksın orta 1/3-ni diqnozu qoyulub.
2016-cı ilin 24 fevral tarixində Neyrocərrahiyyə Xəstəxanasında “Oraqşəkilli struktur meningioması” diaqnozu ilə əməliyyat edilib. Əməliyyatdan sonra “Sol dərin hemiparez epileptik sindrom və təpə nahiyəsinin sümük defekti” diaqnozu qoyulub və sol tərəfi iflic olub.
2016-cı ilin 10 oktyabr tarixində yenidən Neyrocərrahlıq Xəstəxanasında “Sümük defektinin öz sümüyü ilə plastikası, sərt qişa defektinin sümüküstülüyü ilə plastikası və likvor balışının ləğvi” üzrə əməliyyat keçirib.
22.12.2016-cı il tarixində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə nəticəsində ona ikinci dərəcəli əlillik verilib.
2018-ci ilin sonlarında artan qıcolmalar yenidən səhhəti ağırlaşıb, 25.10.2018-ci il tarixində Respublika 1 saylı Kliniki Xəstəxanasında belə bir diaqnoz qoyulub: “Sol təpə nahiyəsində falksin 14x23x32 mm-ə yaxın ölçülərdə parasaqqital meningeal düyünü aşkar edildi”.
Bununla bağlı Heydər Əliyev Fonduna müraciət edib. Xalqımızın dəyərli övladı, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın köməyi ilə Türkiyə Respublikasında əməliyyat olunmaq üçün xərcləri qarşılanıb.
Beləliklə, 07.01.2019-cu il tarixində “serebral beyin qişasının xoşxassəli neoplazması” diaqnozu ilə Türkiyənin Medical Göztepe Hastanesinde fizioterapiya və reabilitasiya müayinəsi alıb.
08.01.2019-cu il tarixində “oraqşəkilli struktur meningioması” diaqnozu ilə Türkiyənin Medical Göztepe Hastanesinde “Gamma-Knife” şüa cərrahiyyəsi əməliyyatından keçib.
14.01.2019-cu ildə “serebral beyin qişasının xoşxassəli neoplazması, hərəkət çətinliyi, digər yerdə təsnif edilməyən spastik hemiplegiya” diaqonzu ilə Türkiyənin Medical Göztepe Hastanesinde Botox müalicəsi alıb.
Müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Saglamlığında yaranan bütün bu problemlərə rəğmən yenidən iş fəaliyyətinə qayıdıb. Buna onu məcbur edən ailəsinin maddi ehtiyacı, uşaqlarının azyaşlı olması ilə bərabər işinə, yaradıcılığa olan sonsuz sevgisidir. Ailəlidir, iki övladı var. Həyat yoldaşının daimi iş yeri yoxdur. 12 yaşlı qızı, 10 yaşlı oğlu var. Aztəminatlı ailələr sırasına daxildirlər. Hazırda yaşadıqları yer nəmişlik və rütubətliliyi hədsiz dərəcədə olan, özlərinə məxsus olmayan zirzəmidir. Bu şəraitdə yaşamaq həm övladlarının , həm də əvvəldə qeyd etdiyimiz kimi ağir xəstəliyinə görə özünün sağlamlığına ikiqat zərbə vurur. Uşaqların normal təhsil alması, yaşayışı üçün şərait yox dərəcəsindədir. Aldığı məvacib ömrünün sonuna qədər qəbul etməli olduğu dərmanların alınmasına və ailənin gündəlik xərclərinə çatmır. Beyin əməliyyatından sonra sol tərəfli iflic olduğu üçün işə və ümumiyyətlə lazım olan bütün məkanlara gedərkən xüsusi nəqliyyat vasitəsindən istifadə etməyə məcburdur. Bu özü də onun xərclərinin bir qədər də artmasına səbəb olub. Maddi və sağlamlıq vəziyyətinə görə ev almağa imkanı catmır.
Cənab Prezident!
Sizin ölkəmizdə son illərdə apardığıniz sosial- iqtisadi siyasət sosial təminatı az olan ailələrə dövlət qayğısının daha da artırılmasına səbəb olub. O cümlədən, jurnalistlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün tikilən binalarda yüzlərlə KİV əməkdaşının mənzillə təmin olunmasını çox yüksək qiymətləndiririk.
Sizdən xahiş edirik ki, yuxarıda göstərilənləri nəzərə alaraq, Əskərova Minarə Babaşah qızının sosial şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməyinə köməklik göstərəsiniz.
Əvvəlcədən Sizə öz dərin minnətdarlığımızı bildiririk!