Türkiyədə baş vermiş dəhşətli zəlzələnin qurbanları arasında azyaşlılar da var. Dağıntılar altında qalaraq həyatını itirən, yaralanan, eyni zamanda qorxu, təlaş içində dağıntılar altında xilas olacağını gözləyən uşaqlarla bağlı xəbərləri izlədikcə, insanı qəhər boğur, göz yaşlarını saxlamaq mümkün olmur.
Yaşları az olsa da, bu fəlakətin ən böyük qurbanları məhz onlardır. Kimi valideynini, kimisi də öz həyatını itirdi. Yüzlərlə uşaq dağıntılar altında qalaraq, yenicə başladıqları həyatla vidalaşmalı oldu. Bəzi azyaşlıları xilas etmək mümkün olsa da, onlar yaşadıqları dəhşətli anları hələ uzun müddət unuda bilməyəcəklər.
Zəlzələnin psixoloji fəsadları nələrdir?
Mövzu ilə bağlı danışan Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Nigar İsmayılzadə bildirib ki, zəlzələ fəlakəti azyaşlıların psixologiyasına ciddi təsir göstərir.
“Zəlzələ təbii fəlakətdir və müxtəlif ərazilərdə baş verə bilər. Bu fəlakət nəinki uşaqlara və həmin hadisənin yaşandığı ərazidəki şəxslərə, eyni zamanda hadisədən məlumatlı olan bütün insanlara sarsıdıcı təsir göstərdi. Hazırda internetin, sosial şəbəkələrin aktiv istifadə olunduğu dövrdə yaşayırıq və hər bir məlumat çox sürətli şəkildə insanlara çatdırılır, bu informasiyalar zaman keçməsinə baxmayaraq, əlçatan olaraq qalmağa davam edir. “10 günlük və ya 10 aylıq uşaq bu hadisəni necə xatırlayacaq?” və ya “Xatırlamadığı bir hadisə ona necə psixoloji ziyan verə bilər ki?” kimi düşüncələr heç də həqiqəti əks etdirmir.
Qeyd etdiyim kimi, bu məlumatlar, fotolar sosial şəbəkələrdə çox paylaşılıb, bunun özü də psixoloji təsirdir. Həmin şəkillərin gələcəkdə onların qarşısına çıxma ehtimal nə qədərdir? Məncə, bu ehtimal kifayət qədər yüksəkdir. Nəzərə alsaq ki, yaşanmış hadisə tamamilə unudulmur. Bu hadisə böyüklərlə yanaşı, zərərgörmüş 10 günlük, 2 aylıq, 3-4 yaşlı uşaqların psixologiyasına da ciddi təsir göstə bilər”.