Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
Şəhid ailəsi üzvü olan bir ana Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdən şikayətçi olduğunu bildirir.
Redaksiyamıza daxil olan müraciətdə qeyd olunur ki, şikayətçi qadın həyat yoldaşını və oğlunu şəhid verib. Onun sözlərinə görə, digər oğlu I qrup Qarabağ qazisi, digər oğlu isə zabit-veterandır.
Şikayətçi Xocalı rayonunun Alaml ı kəndində şəhid ailəsinin adına tikildiyini bildirdiyi evin hərbi xidmətdə olmamış başqa bir şəxsə verildiyini iddia edir. Məhz bu məsələnin araşdırılması və ev probleminin həlli məqsədilə Rövşən Rzayevin qəbuluna getdiyini bildirən qadın, qəbul zamanı kobud münasibətlə qarşılaşdığını iddia edir.
“Bizi təhqir edərək otağından qovdu. Bununla da kifayətlənməyib, öz tabeçiliyində olan qohumlarımı da təzyiq edərək üstümə qaldırdı”, – deyə şikayətçi bildirib.
Şəhid ailəsi üzvü dövlət qurumlarından məsələnin araşdırılmasını və hüquqlarının bərpa olunmasını istəyir.
“Mənim Sizdən başqa pənahım yoxdur. Sizin ədalətinizə sığınıram və bu haqsızlığa şəxsən müdaxilə etməyinizi xahiş edirəm”, deyə o, Prezidentə müraciətində qeyd edib.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyi məlum deyil. Rövşən Rzayevin və aidiyyəti qurumların məsələyə münasibətini dərc etməyə hazırıq.