
Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi mayın 31-dək uzadılıb. Buna baxmayaraq bütün ölkə üzrə mayın 4-dən etibarən bir sıra yumşaldılmalar həyata keçiriləcək. Bu gün koronavirusa yoluxanların sayında isə yenidən mənfi tendensiya müşahidə olunaraq 50 yoluxma və 40 sağalma faktı qeydə alınıb. 1 nəfər isə vəfat edib.
Azərbaycanda xüsusi karantin rejimi mayın 31-dək uzadıldı. Ancaq bu rejim öncəki sərt qaydalarla müqayisədə bir sıra yumşaldılmalarla müşahidə olunacaq. Belə ki, məhdudiyyətlərin yumşaldılması yoluxma riski aşağı olan bölgələrdə sürətlə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonunda tədricən həyata keçiriləcək. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, yumşalma ilə bağlı qərarlara qısa müddətdə yenidən baxıla bilər.
Operativ Qərargahın iclasında çıxış edən TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı hazırda yoluxma halları ilə bağlı ən həssas bölgələrin adlarını açıqlayıb.
Bundan başqa xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Dərslərin də 31 may tarixinədək təxirə salınması dəqiqləşib. Xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi məsələsi isə vəziyyətdən asılı olaraq hər zaman qalmaqda davam edir.