12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür
Bəşəriyyət tarixinin yaranışından ta bu günə kimi dünyada var olmuş hər bir xalqın həyatında, müstəqillik tarixində əvəzi olmayan dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının tarixinə də Ümummilli Lider Heydər Əliyev parlaq və silinməz iz qoymuş böyük insan, qeyri-adi zəka və istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Əvəzsiz ictimai-siyasi fəaliyyəti, möhkəm iradəsi və qətiyyəti ilə hər bir sahədə böyük uğurlara imza atan Ulu Öndərin zəngin irsi və mənalı həyat yolu tükənməz əbədi məktəbdir. İntibah və milli şüurun oyanışı məhz, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, Ölkəmizin müstəqilliyi və azadlığı onun sayəsində əbədi və dönməz olmuşdur. Azərbaycanımız dünyada bütün yüksək mərtəbələrə məhz Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və zəngin idarəçilik təcrübəsi sayəsində yüksəlmişdir. Dahi şəxsiyyət Heydər Əliyev haqqında saatlarla, günlərlə danışsaq yenə də onun müdrikliyini, istedadını, zəkasını, bir lider olaraq siyasi fəaliyyətini, eləcə də yüksək fərdi keyfiyyətlərini çatdırmağa yetməz. Bəli, məhz belə bir dahi şəxsiyyət yetişdirib xalqımız.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev qısa müddət Bakıda qaldıqdan sonra Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrilmişdir. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur. Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addımıdır. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Öz nicat yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində görən xalqımız doğrudan da seçimində yanılmadığını gördü. Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edirdi. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir. Heç şübhəsiz, ölkəmizdə Milli dövlətçilik ənənələrinin bərpası məhz Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
Bundan əlavə, o dövrdə təcavüzkar siyasətini davam etdirən lakin, hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu 1994-cü il mayın 8-də imzalamağa məcbur oldu. Protokol mayın 12-də qüvvəyə mindi və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırıldı. Atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ oldu.
Hər bir sahənin inkişafında öz müstəsna fəaliyyəti ilə seçilən Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr olmuşdur. Bu tarixi layihələrdən biri də “Əsrin müqaviləsi”dir. “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev demişdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.”
Ulu Öndərin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.
Ermənistanın təcavüzü nəticəsində doğma yurd-yuvasından didərgin düşən soydaşlarımıza hər zaman xüsusi diqqət və qayğısı ilə seçilən Ulu öndər “İşğal olunmuş bütün regionlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” – demişdir. Onların problemlərinin həlli ilə bağlı həyata keçirilən ilk tədbirlər, hazırlanan Proqramlar Ulu Öndərin gərgin əməyinin nəticəsidir. Ulu Öndər qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə daim baş çəkirdi, xarici səfərləri zamanı onların vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdı. Ölkəyə gələn bütün nümayəndə heyətlərinin rəhbərlərinin, xarici ölkələrin başçılarının məcburi köçkünlərin yaşayış tərzi ilə mütləq tanış olmaları Ulu Öndər tərəfindən bir vəzifə kimi qarşıya qoyulmuşdu. Onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi üçün konkret addımlar atılırdı. 2001-2002-ci illər ərzində Ulu Öndər imzaladığı üç fərmana əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərinin həlli üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsait ayrılmış və bunun müqabilində 18 qəsəbə salınmış, 6076 mənzil tikilmiş, yüzlərlə zəruri infrastruktur obyektləri inşa edilmişdir. 1993-2003-cü illər arasında qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri üçün kompensasiya 120 dəfə artırılmışdır.
Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Eyni zamanda, Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.
Azərbaycan xalqının Ümummilli Lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərdəndir. Ulu Öndərin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu Öndərin nitq və çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi.
Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Ulu Öndər dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir və bu səbəbdən Heydər Əliyev hər zaman dünya erməniliyinin hədəfində olub. Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərmişdir.
Hər zaman mətbuata və söz azadlığına xüsusi önəm verən Ulu Öndər Heydər Əliyev cəmiyyətdə demokratik münasibətlərin inkişafına böyük töhvə vermişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırırdı. Mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər, habelə institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görmüşlər.
Ulu Öndər Heydər Əliyev ölkəmizdə ordu quruculuğu məsələlərinə də xüsusi diqqət ayırırdı. Ulu Öndər Heydər Əliyevin hələ sovet dönənimdə 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bundan əlavə, Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir.
Onu da qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.” 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Xalqımızın darin məhəbbət və rəğbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişdi. Xalqımız Ulu Öndərin əziz xatirəsini hər zaman dərin hörmət, sevgi və ehtiramla yad edir.
Zeynalov Əmirxan İsmixan oğlu – Rayon ağsaqqalı