
Rusiyalı teleaparıcı, həkim-terapevt Yelena Malışeva ABŞ-da Nyu-York yaxınlığında dəbdəbəli malikanə və iki mənzilə sahib imiş. Mülklər onun oğullarının adına rəsmiləşdirilib.
Xəbərnur.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondunun araşdırmasında deyilir. Araşdırmanı rusiyalı ictimai xadim Aleksey Navalnı dərc edib.
Daşınmaz əmlakın ümumi dəyəri təxminən 11 milyon dollardır. 1 100 kv.m.-lik 21 otaqlı malikanə Nyu-Cersidə yerləşir. Navalnının dərc etdiyi sənədlərə əsasən, Yelena Malışeva və onun həyat yoldaşı İqor onu 2016-cı ildə 6,4 milyon dollara alıblar. Araşdırmada deyilir ki, bu, həmin il Nyu-Cersinin daşınmaz əmlak bazarında həyata keçirilən ən bahalı alqı-satqı olub. Bundan əlavə, Navalni qeyd edib ki, Malışevaya Nyu-Yorkda iki mənzil də məxsusdur.
Malışevanın özü daha əvvəl bildirmişdi ki, onun əsas gəliri - "Pervıy kanal"dakı maaşıdır. Onun həyat yoldaşı - Moskva Dövlət Tibbi-Stomatoloji Universitetinin professorudur. Aparıcının 35% pay sahibi olduğu "Yelena Malışevanın Tibb Mərkəzi" MMC-nin maliyyə hesabatına əsasən, şirkət 2016-cı ildə 18,5 milyon rubl, 2017-ci ildə isə 34,5 milyon rubl xalis zərər edib.