
XX-XXI ci əsrin daha bir Vahidi var idi. Onun qələmindən axam dürr kimi zinət kimi qiymətli misraları bu gündə cəmiyyətimizdə sevərək dinlənilir və oxunulur. Bəli, onun misralarındakı dərin mənalar onun necə sənətə vurğun oımasından xəbər verirdi. Söhbət “Yetim” Eyvaz kimi tanınan şair Eyvaz Qurbanovdan gedir.
El arasında Yetim Eyvaz kimi tanınan sair Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Dəvəçi rayonunda anadan olub. Siyəzən rayonunda Cəfər Cabbarlı adına 1 saylı məktəbdə təhsil alıb. Çox gözəl səsi olduğu üçün Eyvaz Qurbanov bir müddət müğənnilik edib və bir çox ölkələrdə səfərlərdə olub. Lakin keçirdiyi əməliyyat onun səsini batırır və sənətçi sürücülük ilə məşğul olmağa başlayıb. O, 1996-ci ilə qədər yaxşı şəraitdə yaşaya bilib. Sonralar 10 il ərzində pul qazanmaq üçün bir çox əziyyətlərə qatlaşmalı olub, odun doğrayıb satır, sürücülük edib.
Şairliyə gəldikdə isə, Eyvaz Qurbanov özünün dediyinə görə 14 yaşından etibarən şeir yazmağa başlayıb. Onun 4 mindən çox şeirləri və qəzəlləri var. Lakin şair əsasən 2006-ci ildən şöhrət qazanmağa, həyatı gözləmədiyi halda birdən-birə dəyişməyə başlayır. Belə ki, həmin ildə yazdığı “Yaz yağışı” şeirini dostu tərəfindən internet resurslarında yerləşdirilib. Bununla da bir anda məşhurlaşmağa başlayan şair tez-tez məclislərə dəvətlər alıb. Şair məclislərdə daha çox bədahətən dediyi şeirləri yadda qalıb, sevilib.
Şairin məşhurluğunun əsas səbəbi isə cəmiyyətdə baş verən eybəcərlikləri dilə gətirməsi, çatışmamazlıqlara bədii don geyindirə bilməsidir. Onun “Nə oldu sənə, Azərbaycan”, “Nə gündəsən, ay Azərbaycan” şeirləri bu qəbildəndir. Şeirlərində cəsarətlə dilə gətirdiyi tənqidlərə görə Yetim Eyvaz kriminal aləmdə də çox sevilib. Hətta oğru aləminin başçılarının toylarına dəvətlər alıb, onlar tərəfindən daim böyük hörmətlə qarşılanıb. Bəzən bu səbəbdən şairin həbsxanada olduğu barədə şaiyələr də uyduranlar olur. Lakin Yetim Eyvazlı heç vaxt məhkumluq həyatı yaşamayıb.
“Şair desəz, ustadlardan ayıb olar” deyib özünü şair hesab etməyən Yetim Eyvazlı müsahibələrinin birində “nə isə bir şey görən kimi, qəlbinə bir şey toxunan kimi yazdığını”, düşündüklərini sıraladığını bildirib.
Bu gün onun ölüm günü kimi yaddaşlarda qalıb. Yaşasaydı yenədə öz şeirləri ilə onu sevənləri feyziyab edərdi. Allah rəhmət eləsin.
Aydın Ulusoy