“Məmurun hərəkəti hansı səbəbdən olursa-olsun, həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Qınayanlara da haqq qazandırıram”.
xebernur.com
xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Bakıda yüksək vəzifəli məmurun motosiklet sürücüsünü vuraraq təhqir etməsi hadisəsi ilə bağlı bildirib.
Deputat bəzi profillərə diqqət yetirdiyini, onların təkcə yekəxanaları, insanlara qarşı sayğısız davrananları söymədiyini qeyd edib: “Öz ideoloji baxışlarına uyğun gəlməyənləri də söyürlər, qınayırlar. Tutaq ki, fikir deyirsən, indiki təhsil modeli ilə yanaşı ayrıca özəl qızlar məktəbi açılsa yaxşı olar. Yəni təhsil almayan qız övladı qalmaz. Adam razılaşıb-razılaşmamaq haqqına sahibdir, ancaq bu fikrə görə də təhqir yazır. Yəni demək istəyirəm ki, qudurğanlıq, tərbiyəsizlik kasıba, varlıya baxmır. İnanın ki, elə yoxsul tanıyıram ki, yaxşı ki, əlinə pul düşməyib, bütün çevrəsini narkoman edərdi. Bir də minlərlə xeyriyyə işi görən varlıları da yada salın”.
Fazil Mustafa bölgünün zəngin və ya kasıb üzərindən aparılmasının tərəfdarı olmadığını deyib:
“Yəni bölgünü varlı-kasıb üzərindən aparsanız yanlış nəticəyə vararsınız. İki kateqoriya insan var: sağlam düşüncəli və xəstə düşüncəli. Bir çox hallarda insan naqisliyini, yaxud da comərdliyini üzə çıxaracaq mühit olmur. Hər bir halda cəmiyyətimizdə insanların bir-birinə qarşı aqressiyasının azalması çox vacibdir. Milli auramızı hədsiz toz-tozanaqlı göstərir”.
Xatırladaq ki, Bakıda 10 VX 707 dövlət qeydiyyat nişanlı “Lexus” markalı maşının sürücüsü 1959-cu il təvəllüdlü Sultan Tofiq oğlu Dadaşov motosiklet sürücüsünü vuraraq təhqir edib. O, “ARPİA” MƏNZİL TİKİNTİ KOOPERATİVİ” adlı tikinti şirkətinin sahibidir. Daxili İşlər Nazirliyi (DİN) yayılan görüntülərlə bağlı araşdırma başladıb.