2024/2025-ci tədris ilinin başlanğıcında Azərbaycanda fəaliyyət göstərən dövlət ümumtəhsil müəssisəsələrinin sayı 4324 olub. 2025/2026-cı tədris ilinin əvvəlində isə bu say 4160-a enib.
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, azalma bütün növ məktəblərdə qeydə alınıb.
Belə ki, ibtidai məktəblərin sayı 245-dən 183-ə, ümumi orta məktəblərin sayı 752-dən 712-yə, tam orta məktəblərin sayı isə 3 310-dan 3 249-a düşüb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələrinin sayı isə 17-dən 16-ya enib.
Bunun əsas səbəbi şagir azalması ilə izah edilir. Göstərilən zamanlarda şagirdlərin sayında da azalma müşahidə olunub. Əgər 2024/2025-ci tədris ilinin əvvəlində dövlət ümumi təhsil müəssisələrində 1 milyon 671 min 100 nəfər təhsil alırdısa, 2025/2026-cı tədris ilinin əvvəlində bu göstərici 1 milyon 648 min 800 nəfər olub. Beləliklə, bir il ərzində şagirdlərin sayı 22 min 300 nəfər azalıb.
İqtisadi rayonlar üzrə ən çox dövlət ümumi təhsil müəssisəsi Lənkəran–Astara iqtisadi rayonunda fəaliyyət göstərir. Bu bölgədə 536 məktəb var. Sonrakı yerlərdə Quba–Xaçmaz (392), Qarabağ (385), Şəki–Zaqatala (353) və Mərkəzi Aran (342) iqtisadi rayonları qərarlaşıb.
Ən az məktəb isə Abşeron–Xızı iqtisadi rayonunda qeydə alınıb. Həmin iqtisadi rayonda 106 dövlət ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasında 213, Dağlıq Şirvanda 214, Gəncə–Daşkəsəndə 241, Mil–Muğanda isə 245 məktəb var.
Şagird sayına görə Bakı şəhəri liderdir. Paytaxt məktəblərində 529 min 516 şagird təhsil alır. Sonrakı yerləri Abşeron–Xızı iqtisadi rayonu (151 min 992 nəfər), Lənkəran–Astara (119 min 457 nəfər), Qarabağ (99 min 829 nəfər) və Mərkəzi Aran (99 min 944 nəfər) tutur.
Ən az şagird isə Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb. Burada dövlət məktəblərində 38 min 821 nəfər təhsil alır.
Onu da vurğulayaq ki, son illər Azərbaycanda ümumi təhsil müəssisələrinin şəbəkəsinin optimallaşdırılması istiqamətində işlər aparılır. Elm və Təhsil Nazirliyi tərəfindən azsaylı şagirdi olan məktəblərin modullaşdırılması, bəzi məktəblərin isə birləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Son statistikada dövlət ümumi təhsil müəssisələrinin sayının azalması da bu prosesin davam etdiyini göstərir.
Qeyd edək ki, son iki tədris ilində Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin sayı ümumilikdə 228 vahid azalıb. Belə ki, 2023/2024-cü tədris ilində 4388 olan məktəblərin sayı 2024/2025-ci tədris ilində 4 324-ə, 2025/2026-cı tədris ilində isə 4160-a düşüb.