Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbs müddəti daha üç ay uzadıla bilər. Bunu iqtisadçı-alimin qardaşı Qabil Bayramov deyib.
"Bu gün məhkəmədə istintaq zamanı ailəsindən götürülən telefonların qaytarılması məsələsinə baxılmalı idi. Bizə vəkili Zibeydə Sadıqova bura gələndə məlumat verdi ki, Qubad İbadoğlunun həbs müddətinin uzadılması məsələsinə də baxılacaq. Görünürü iki məhkəməni yola vermək üçün sakitcə ard-arda salıblar. Məhkəmədən ədaləti qərar da gözləmirik. Yəqin ki, həbs müddəti daha 3 ay uzadılacaq", - Bayramov Xebernur.com - a açıqlamasında bildirib.
Bundan əvvəl Qubad İbadoğlunun həbsi daha 3 ay müddətinə uzadılmışdı.
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Bundan sonra Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub.
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib.