Dövlət Avtomobil Nəqliyyatı Xidməti koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər çərçivəsində martın 10-da Quba avtovağzalında dezinfeksiya işləri həyata keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsi üçün Qubaya ezam olunan işçi qrup dezinfeksiya işlərini şəhərlərarası və şəhərdaxili avtonəqliyyat vasitələrinin reysdə olmadığı saatlarda, gün ərzində 2 dəfə (səhər və gecə) təmin edib. Ümumilikdə, Quba regional ərazi bölməsi üzrə 411 avtonəqliyyat vasitəsində dezinfeksiya işləri aparılıb.
Dezinfeksiya işləri Quba ilə yanaşı, respublika ərazisində fəaliyyət göstərən digər 55 avtovağzal və avtostansiyada təşkil edilməklə hər gün ümumilikdə 5 min avtonəqliyyat vasitəsində həyata keçirilir. Ümumilikdə, respublika üzrə 4498 avtonəqliyyat vasitəsində dezinfeksiya işləri təmin edilib.
Mövcud təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərdən müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmələri, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyə olunur.
Xəbərnur