Şəfalı əlləri ilə insanlara yaşamaq sevincini bəxş edən xeyirxah peşə sahibiTanrının ömür payının səkkizinci onilliyini arxada qoyan, yaşamaq üçün qalib gəlməyi bacaran həkim Baxşeyiş Quluyev həyatı öyrənərək öyrədən ziyalılarımızdandır
Müdriklərdən bizə ərmağan qalan el məsəlində deyilir ki, Tanrı insana yaşlanmaq deyil, yaş almaq nəsib etsin. Ömrünü elmə sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən alim camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu keçənlərdən biri də Baxşeyiş Quluyevdir. Həkim sözünün hikmətini” insanlara xidməti ilə, xəstələrinin yaddaşında şəfalı əllər sahibi kimi qalmaqla doğruldub.
Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən Baxşeyiş Quluyev üçün hər gün yazılan insan ömrünün səhifəsidir. Buna görə də gələcək həyatını müəyyənləşdirərkən də qismətin asan yolunu seçməyib. Babalarından eşitdiyi “Sağlamlığa bərabər dost, xəstəliyə bərabər düşmən yoxdur” hikmətinə inanaraq həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara yamaşaq sevinci bəxş etməyə üstünlük verir. Bu seçimində yanılmayan Baxşeyiş Quluyev həyata qaytardığı xəstələrinin sevincinə şərik olduğu günləri ömrünün xoşbəxt anları sayır.
Tərbiyədə, elm öyrənməkdə ən böyük səhv həddən artıq tələskənlikdir. Uşaqlar üçün onlara tərbiyə verən müəllimlər dünyaya gəlmələri üçün borclu olduqları valideynlərindən daha hörmətlidirlər: biri yalnız həyat, digəri gözəl, şərəfli həyat bəxş edir. Bu baxımdan həkimlik daha çox çox diqqət tələb edən peşədir. Çünki ilkin müayinə zamanı həkimin xəstəyə baxışı “xəstə-həkim münasibətlərini” formalaşdırır, onun həyatı üçün çəkdiyi nigarançılığı, narahatlığı həkimin adi baxışından başlanır. Belə “səssiz münasibətlər”, ürəyin aynası olan gözlərdəki ifadə xəstədə yaşamaq ümidi yaradırsa, demək xəstəliyin müalicəsi üçün “mühit” yaranıb. Buna görə də hansı sahədə çalışmasından asılı olmayaraq həkim ilk növbədə təcrübəli psixoloq da olmalı, ən ağır zamanlarda belə xəstənin son ümidinin itirilməməsi üçün var gücü ilə çalışmalı, təcrübəli həmkarlarından məsləhətlər almaqdan çəkinməməlidirlər. Təki bir insan ömrünü xilas etmək mümkün olsun. Bu xüsusiyyətlər isə əsil humanizm, xeyirxahlıq nümunəsidir.