Prezident İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olduğunu təsdiqləməklə bir sıra mühüm nəticələrlə yadda qalmışdır. Belə ki bu səfər iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqlədi. İki ölkə başçısının görüşündə Azərbaycan və Gürcüstan münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, əlaqələrin bundan sonra genişlənəcəyi qeyd olunmuşdur. Əldə edilən nəticələr deməyə əsas verir ki, Gürcüstan əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə böyük maraq göstərir.