Ermənistanla Azərbaycan arsında Vaşinqtonda sülh sazişi mətninin paraflanmasından sonra yekun müqavilə üçün iki ölkə tərəfindən ciddi addımlar atılıb. Hazırda Azərbaycanın yekun sülh sazişi üçün əsas tələblərindən Ermənistan Konstitusiyasına düzəliş və ya dəyişikliklə bağlıdır. Rəsmi İrəvan artıq bunun üçün müvafiq işlərə başlayıb. Ermənistan parlamentinin iclasında hakim partiyanın deputatı Arusyak Culakyan Konstitusiyanın yenidən yazıldığını və layihənin mətninin cari ilin sonunadək dərc edilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Ermənistan Konstitusiya layihəsinin bu ilin yekununa hazır olması gələn il üçün artıq yekun sülh sazişinin imzalanması ehtimalını yüksəldir.
Açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, iki ölkə arasında onsuz da sülh mövcuddur:
"Cənab Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülhün mövcud olduğunu demişdi. Hazırda sərhədlərin delimitasiyası ilə bağlı işlər gedir, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklər daşınır və Azərbaycan Ermənistana neft məhsulları, yanacaq göndərir. Sərhədboyu istiqamətdə nəinki ölən, yaralanan yoxdur, heç güllə səsi eşidilmir. Parlament üzvləri, parlament rəhbərləri görüşürlər. Bunlar hamısı göz qabağındadır. Sülh müqaviləsini imzalayıb ratifikasiya etmək qalır. Azərbaycanın tələbi olmadan da hələ 2018-ci ildə Paşinyan Konstitusiyanın təzələnməli olduğunu deyirdi. Əminəm ki, yeni Konstitusiyada Azərbaycanı narahat edən Müstəqillik Bəyannaməsinə istinad olmayacaq. Yenə deyirəm, hazırda sülh mövcuddur və tərəflər onun möhkəmlənməsində maraqlıdır. Mənim üçün TRIPP layihəsinin gerçəkləşməsi və onun Azərbaycanı qane edən rejimdə istifadə olunması daha əhəmiyyətlidir".
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov isə qeyd edib ki, Ermənistan sülh sazişinin imzalanmasını istəyirsə, Konstitusiyanı mütləq ya dəyişdirməli, ya da ona əlavələr etməlidir:
"Ermənistanla Azərbaycan arasında sülh sazişi Vaşinqtonda paraflanıb. Bu da o deməkdir ki, sadəcə bir imza atmaq qalıb. Bunun üçün də Azərbaycanın şərti var ki, Ermənistan ya yeni Konstitusiya qəbul etsin, ya Konstitusiyaya dəyişiklik etsin. Orada Azərbaycan torpaqlarına iddialar olmamalıdır. İndi Ermənistan Baş naziri hansı hüquqi yolu seçəcək, bu maraqlıdır. Çünki əgər yeni Konstitusiya qəbul etməli olsalar, onda bunun üçün referendum keçirməli olacaqlar. Ancaq hərdən bir dəyişikliklər referendumsuz da ola bilər. Hansı yolu istəyirlərsə, onu da seçsinlər. Ancaq sülh sazişinin imzalanmasını istəyirlərsə, ilk növbədə Konstitusiyaya dəyişikliklər olmalıdır".
Sabiq nazirin fikrincə, yekun sülh sazişi 2027-ci ildə imzalana bilər:
"Ümumilikdə isə mənim fikrimcə, yekun sülh sazişi üçün 2027-ci il uğurlu ola bilər. İnanmıram ki, rəsmi İrəvan, ilk növbədə Ermənistanın hakim partiyası verdiyi bəyanatları geri çəksinlər. Hesab edirəm ki, bu qədər yalan ola bilməz. Sülh sazişi imzalamaq istəyərlər. Ermənistanın Rusiya ilə münasibətlərdə iqtisadi baxımdan çətinlik çəkdiyini nəzərə aldıqda, onlar məntiqlə Azərbaycanla sülh sazişi imzalamalı, sonra da Türkiyə ilə münasibətlər normallaşmalıdır. Çünki bu, onların iqtisadiyyatı üçün daha faydalı yoldur".