Mahir Abbaszadə: “Bu uğur göstərdi ki, Azərbaycan siyasi-diplomatik müstəvidə də diktə edən tərəfdir”
“Laçının bir güllə belə atmadan azad edilməsi dövlətimizin diplomatik qüdrətinin göstəricisidir”.
Bunu açıqlamasında millət vəkili Mahir Abbaszadə bildirib. Millət vəkili qeyd edib ki, Laçının döyüşsüz azad edilməsi 44 günlük Vətən müharibəsində əldə edilən qələbələrin davamı kimi mühüm əhəmiyyətə malikdir:
“Laçının döyüşsüz azad edilməsi hər şeydən öncə Azərbaycanın siyasi-diplomatik gücünü ortaya qoydu. Bu uğur göstərdi ki, Azərbaycan hərbi müstəvidə olduğu kimi, siyasi-diplomatik müstəvidə də diktə edən tərəfdir. Bütün region dövlətləri, eləcə də Ermənistan Azərbaycanın iradəsi ilə razılaşmağa, onun maraqlarını nəzərə almağa məcburdur.
Laçının döyüşsüz azad edilməsi Azərbaycana həm də hərbi itkilərdən qaçmağa imkan verdi. Əgər Laçın hərbi əməliyyatlar yolu ilə alınsaydı, heç şübhəsiz dağlıq relyefdə yerləşən və böyük ərazini əhatə edən doğma rayonumuzun azad edilməsi zamanı işğalçı Ermənistanla yanaşı, Azərbaycan tərəfi də itkilər verəcək, şəhidlərimizin sayı artacaqdır. Lakin Prezident İlham Əliyevin hərbi-diplomatik səriştəsi sayəsində Laçının döyüşsüz azad edilməsi təmin olundu. 30 ilə yaxın erməni işğalı altında qalan Laçın torpağında da qüdrətli Azərbaycanın üçrəngli bayrağı dalğalandı.
Mən Laçının azadlığının ikinci ildönümü münasibəti ilə bütün laçınlıları, o cümlədən bütün Azərbaycan xalqını təbrik edir, bizə bu sevinci yaşatdığı üçün Müzəffər Ali Baş Komandanımıza öz təşəkkürümü bildirirəm”.