Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə qeyri-neft-qaz sektorunun əsas prioritet istiqamətləri üzrə mühüm hədəflər müəyyənləşdirilib.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib .
Deputat qeyd edib ki, azad edilmiş ərazilərdə qızıl, mis və molibden yataqlarının istismara hazırlanması ilə bağlı konkret mexanizmlərin tətbiqi mədənçıxarma sənayesində istehsal həcminin daha da artırılmasına imkan verəcək.
Onun sözlərinə görə, Dövlət Proqramının qəbul olunması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına xüsusi töhfə verəcək:
“Proqramın icrası nəticəsində 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu isə məşğulluğa xüsusi töhfə deməkdir. Yeni iş yerlərinin əksəriyyəti bölgələrimizin payına düşəcək”.
Vüqar Bayramov mədənçıxarma sənayesində istehsal həcmi ilə bağlı göstəricilərə də diqqət çəkib.
1550167
Deputat bildirib ki, 2025-ci ildə sözügedən sektorda 37 milyard manatlıq məhsul istehsal olunub. Azalma tendensiyası isə xam neft və qaz üzrə qeydə alınıb. Belə ki, bu sektor üzrə istehsal 2024-cü ildəki 38,2 milyard manatdan 2025-ci ildə 33,3 milyard manatadək azalıb.
“Metal filizlərinin hasilatı isə ötən il 2 dəfə artıb. 2024-cü ildə 383 milyon manatlıq metal filizləri hasil edilmişdisə, bu göstərici 2025-ci ildə 730 milyon manatadək yüksəlib”, – deputat vurğulayıb.
O əlavə edib ki, mədənçıxarma sənayesi sahəsinə göstərilən xidmətlərin həcmi də artaraq 2025-ci ildə 2,7 milyard manata çatıb. 2024-cü ildə bu göstərici 2,5 milyard manat təşkil edib.
Deputatın sözlərinə görə, Dövlət Proqramının icrası nəticəsində bu sahə üzrə göstəricilərin əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir. Yeni proqram nəticəsində illik 1 milyard manatdan çox əlavə dəyərin yaradılması proqnozlaşdırılır.