Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün baş verən proses statistik baxımdan gözlənildiyindən də sürətlidir. Yüz minə yaxın vətəndaş bu torpaqlarda yaşayır, işləyir və təhsil alır. Bu rəqəm arxasında dörd illik ardıcıl dövlət proqramı, mərhələli bərpa-quruculuq strategiyası və sosial media müşahidələrinin göstərdiyi kimi kütləvi bir istək dayanır - doğma torpağa qayıtmaq.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sentyabr ayına olan məlumatına görə, hazırda işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən və təhsil alan vətəndaşların sayı təxminən 100 min nəfərə çatıb.
Diqqət çəkən dinamika ondadır ki, bu ilin ilk səkkiz ayında təkcə 3350 ailə (13 778 nəfər) köçürülüb. Qeyd edilən mənzərə prosesin sürətlənməkdə olduğunu göstərir.
Ağdərə rayonu ən çox məskunlaşma müşahidə olunan bölgələrdən biridir. Xocavənd rayonu, Füzuli şəhəri, Laçın, Xocalı, Şuşa da xüsusi diqqət mərkəzindədir. Xankəndi və Kərkicahan qayıdışın yeni sürətlənən istiqamətlərdir. Zəngilan, Cəbrayıl, Ağdam demək olar ki, hər gün öz sakinlərini qəbul edir.
Sosial media araşdırmalarının göstərdiyi maraqlı tendensiyalardan biri budur ki, bütün bölgələrin sakinləri arasında doğma torpağa qayıtmaq istəyi yüksək olsa da, Kəlbəcərlilər bu istiqamətdə xüsusilə fəaldır. Bunun bir neçə izahı var.
Birincisi, Kəlbəcərin işğaldan azad edilməsinin başa çatdığı gün 25 noyabr rəsmi olaraq Kəlbəcər şəhəri günü elan edilib, bu tarix Böyük Qayıdışın rəmzi kimi əbədiləşdirilib. İkincisi, son bir ildə rayonda "DOST" mərkəzi, "Azərpoçt" şöbəsi, KOBİA və DMA kimi dövlət qurumları artıq əhaliyə xidmət göstərir, 34 hektar ərazidə tikilən "İstisu" Müalicə-İstirahət Kompleksinin yaxınlarda istifadəyə verilməsi planlaşdırılır. Üçüncüsü, Kəlbəcər tarixən (2020-ci ilə qədər) 77 mindən çox əhaliyə malik, təbii ehtiyatları zəngin bölgə olub. Sakinlərdə torpağa bağlılığın xüsusilə güclü olmasının əsas səbəblərindən biridir.
Qayıdışın praktik-iqtisadi əsası da güclənməkdədir. Bölgələrdə "modultipli sahibkarlıq obyektləri" artıq fəaliyyətdədir, kənd təsərrüfatı sahəsində isə miqyas xüsusilə diqqətəlayiqdir: Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə 832 fermer təsərrüfatına məxsus 249 919 baş xırdabuynuzlu, 8516 baş iribuynuzlu heyvan və 4133 fermerə məxsus 185 207 arı ailəsi bu ərazilərə köçürülüb. Bu rəqəmlər göstərir ki, qayıdış həm də tam iqtisadi ekosistem (heyvandarlıq, arıçılıq, kiçik sahibkarlıq) paralel şəkildə formalaşdırılır.
Sosial infrastrukturun bərpası prosesi də paralel templə irəliləyir. Hazırda Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərində, Ağalı, Zabux, Talış və Suqovuşan kəndlərində ümumilikdə 8 məktəb binası artıq istifadəyə verilib, Ağdam, Cəbrayıl, Kəlbəcər şəhərlərində və Kərkicahan qəsəbəsində isə əlavə 12 məktəbin tikintisi və ya əsaslı təmiri yekunlaşıb. Səhiyyə sahəsində Cəbrayıl şəhərində 150 çarpayı yerlik mərkəzi xəstəxananın tikintisi kimi layihələr, Füzuli və Zəngilan şəhərlərində artıq istismara verilmiş beynəlxalq hava limanları infrastrukturun tam dövrəli formalaşdığını göstərir.
2020-2026-cü illər ərzində Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə yüzlərlə tədbirdə şəxsən iştirak edib, 8 şəhər və 32 kənd-qəsəbədə 120 layihənin təməlini qoyub, 71 tikinti obyektinin açılışını edib. Bütün bunlar prosesin ən yüksək səviyyədə birbaşa nəzarətdə olduğunu göstərir.
Qayıdışın sürətini məhdudlaşdıran əsas amillərdən biri minalanmış ərazilərin təmizlənməsi prosesidir. Bu günə qədər 152 min hektardan artıq ərazi minalardan və partlamamış hərbi sursatdan təmizlənib, 2026-cı ilin sonuna qədər bu rəqəmin 280 min hektara çatdırılması planlaşdırılır. Bu proses heç bir xarici donorun dəstəyi olmadan, tamamilə Azərbaycan dövlətinin öz resursları hesabına aparılır.
Faktların ardıcıllığıonu deməyə əsas verir ki, Böyük Qayıdış "mənzil paylama" ilə yanaşı, mina təmizlənməsindən yol-nəqliyyat infrastrukturuna, təhsil-səhiyyə obyektlərindən kənd təsərrüfatı ekosisteminə qədər bütün zəncirin paralel qurulduğu kompleks dövlət proqramıdır. Kəlbəcər nümunəsi göstərir ki, məhz bu kompleks yanaşma infrastrukturun insanla eyni vaxtda "qayıtması" sakinlərin könüllü, həvəslə geri dönmə istəyini gücləndirən əsas amildir.