Laçın Rayon İcra Hakimiyyəti başçısının “27 Sentyabr – Anım Günü ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının tədbirlər planı”nın təsdiq edilməsi haqqında 16.09.2026-cı il tarixli, 5-64/3-3-137/2026 nömrəli sərəncamının icrası olaraq 21 sentyabr 2026-cı il tarixində Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları və şəhid ailə üzvləri 44 Günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan, Bakı şəhəri Binəqədi rayonu ərazisində dəfn olunmuş Rəhimli Tural Gəray oğlunun və Abşeron rayonu ərazisində dəfn olunmuş Əhmədov Mənsur Mamed oğlunun məzarlarını ziyarət etmişlər.
Ziyarətin əsas məqsədi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini ehtiramla yad etmək, onların göstərdikləri qəhrəmanlıqları bir daha xatırlamaq və şəhid ailələrinə diqqət və qayğını ifadə etməkdir.
Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhidlərin məzarları önünə gül dəstələri qoyaraq, onların əziz xatirələrini dərin hörmət və ehtiramla yad etmişlər.
Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Onların müqəddəs xatirəsi hər zaman uca tutulacaq, göstərdikləri şücaət gələcək nəsillərə örnək olacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!




