YAP Laçın rayon təşkilatının 16 saylı Ərazi Partiya Təşkilatında növbəti tədbir keçirilib
13 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının 16 saylı Ərazi Partiya Təşkilatının təşkilatçılığı ilə YAP-ın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin səsləndirdiyi fikirlər və qarşıya qoyulan mühüm vəzifələrlə bağlı tədbir təşkil olunub.
Tədbir zamanı çıxış edənlər dövlət başçısının qurultaydakı nitqinin ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Bildirilib ki, həmin çıxışda Azərbaycanın qazandığı uğurlar, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqların qorunması və qarşıdakı illər üçün prioritet təşkil edən məsələlər öz əksini tapıb.
Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmizin tarixində yeni mərhələnin başlanğıcıdır. Bu nailiyyətlər xalqımızın birliyi, dövlətimizin gücü və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin nəticəsidir. Azərbaycanın beynəlxalq nüfuzunun artması, iqtisadi imkanlarının genişlənməsi və müdafiə qüdrətinin güclənməsi dövlətimizin davamlı inkişafının əsas göstəricilərindəndir.
Çıxışlarda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxunulub. Vurğulanıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması ölkəmizin əsas strateji hədəfləri sırasındadır. Eyni zamanda, milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ruhunun gücləndirilməsi və ideoloji təhlükəsizliyin təmin olunmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirin sonunda bildirilib ki, Yeni Azərbaycan Partiyasının üzvləri və fəalları dövlətin müəyyən etdiyi strateji istiqamətlərin həyata keçirilməsində fəal iştirak etməli, üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməlidirlər. İştirakçılar Azərbaycanın daha da güclənməsi, ölkəmizin tərəqqisi və xalqımızın firavan gələcəyinin təmin olunması naminə səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

