Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramının icrası nəticəsində 5 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Yeni iş yerlərinin hansı rayonlarda açılacağı, hansı peşələrə tələbat yaranacağı və əməkhaqqının nə qədər ola biləcəyi maraq doğurur.
Mövzu ilə bağlı danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov bildirib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi proqram dağ-mədən və metallurgiya sənayesinin qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevrilməsinə imkan verə bilər.
Deputatın sözlərinə görə, Azərbaycanın mineral xammal ehtiyatları geniş coğrafiyanı əhatə edir:
“Bu ehtiyatlar işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Ağdərə, Zəngilan və Kəlbəcər rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında, Daşkəsəndə, Balakəndə, Gədəbəydə və digər dağlıq rayonlarda yerləşir. Proqram çərçivəsində geniş geoloji tədqiqat işlərinin aparılması və ölkənin mineral xammal potensialının daha dəqiq öyrənilməsi nəzərdə tutulur”.
A.Badamov bildirib ki, tədqiqatların nəticəsi yeni yataqların müəyyənləşdirilməsinə, mövcud ehtiyatların qiymətləndirilməsinə, gələcəkdə isə hasilat və emal müəssisələrinin yaradılmasına şərait yarada bilər. Onun fikrincə, bu sahənin inkişafı üçün xarici investisiyaların cəlb edilməsi də əhəmiyyətlidir:
“Dağ-mədən və metallurgiya böyük maliyyə və texnologiya tələb edən sahələrdir. Proqramın məqsədlərindən biri mineral xammalın yalnız filiz şəklində satılması ilə kifayətlənməmək, onu ölkə daxilində emal edərək daha yüksək əlavə dəyər yaradan məhsullara çevirmək və xarici bazarlara çıxarmaqdır. İstehsal zəncirinin genişlənməsi yeni müəssisələrin və əlavə iş yerlərinin yaranmasına imkan verə bilər”.
İş yerləri daha çox harada yarana bilər?
Deputatın qənaətincə, məşğulluq imkanlarının ilk növbədə işğaldan azad edilmiş ərazilərdə artması gözlənilir. O, Ağdərə, Kəlbəcər və Zəngilandakı qızıl, mis və molibden ehtiyatlarını qeyd edib. A.Badamovun sözlərinə görə, bu ərazilərdə hasilat və emal fəaliyyətinin inkişafı yeni iş yerləri yarada bilər.
O, Daşkəsəni də məşğulluğun artacağı əsas bölgələrdən biri kimi göstərib:
“Daşkəsəndə yaradılmış Qərb Sənaye Parkının yeni rezident müəssisələrlə genişləndirilməsi sənaye istehsalının və məşğulluğun artmasına şərait yarada bilər. Balakəndə yerləşən Filizçay yatağı da dağ-mədən sənayesinin inkişafı baxımından mühüm layihələrdən biridir”.
A.Badamov əlavə edib ki, geoloji tədqiqatlar nəticəsində ehtiyatları təsdiqlənən digər ərazilərdə də yeni müəssisələrin yaradılması mümkün olacaq. Bu isə regionlarda əlavə məşğulluq və gəlir mənbələri formalaşdıra bilər. Bununla belə, 5 mindən çox iş yerinin rayonlar üzrə bölgüsü hələ açıqlanmayıb. Ayrı-ayrı ərazilərdə neçə nəfərin işə götürüləcəyi layihələrin icrasından asılı olacaq.
Hansı peşələrə tələbat yaranacaq?
Deputatın sözlərinə görə, dağ-mədən və metallurgiya yalnız mədəndə filiz hasilatından ibarət deyil. Geoloji tədqiqat, hasilat, emal və istehsal mərhələlərinin hər biri fərqli ixtisas sahiblərinə ehtiyac yaradır:
“Bu sektorda mühəndislər, geoloqlar, metallurqlar, texnoloqlar, mexaniklər, elektrik mühəndisləri, laboratoriya əməkdaşları və digər ixtisaslı mütəxəssislər işləyə bilərlər. Bununla yanaşı, hasilat və istehsalat sahələrində operator, texnik, fəhlə və digər peşələr üzrə də çoxsaylı iş yerlərinin yaradılması gözlənilir”.
A.Badamov vurğulayıb ki, proqram müxtəlif peşə və ixtisas sahibləri üçün məşğulluq imkanı yarada bilər. Onun fikrincə, yataqların istismarına və müəssisələrin qurulmasına paralel olaraq həmin bölgələrdə iqtisadi fəallıq da arta bilər.
Maaşlar nə qədər olacaq?
Azər Badamov hesab edir ki, dağ-mədən və metallurgiya sahəsində ixtisaslı işçilərin əməkhaqqı bir sıra digər sahələrlə müqayisədə yüksək ola bilər. O, xüsusilə geoloq, mühəndis, metallurq və digər texniki mütəxəssislərin əməyinə tələbatı qeyd edib.
Deputat konkret maaş məbləği açıqlamayıb. O bildirib ki, maaşlar vəzifəyə, ixtisasa, müəssisəyə və iş şəraitinə uyğun olaraq müəyyənləşəcək.