Jurnalist Nuranə Abdullayeva Prezident İlham Əliyevə müraciət etdi
Kanal15.tv saytının təsisçisi və baş redaktoru, jurnalist Nuranə Abdullayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
Jurnalist müraciətində ailəsinin Birinci Qarabağ müharibəsi illərində yaşadığı ağır günlərdən, məcburi köçkünlük həyatından və doğma Ağdam torpağına qayıtmaq arzusundan bəhs edib.
Nuranə Abdullayevanın sözlərinə görə, 1992-ci ildə Ağdamda müharibənin ən ağır günləri yaşanarkən atası Allahverdi Abdullayev cəbhədə döyüşüb, anası isə üç övladı ilə birlikdə təhlükə altında qalıb. Müharibənin dəhşətlərini yaşayan ailə doğma yurdunu tərk etmək məcburiyyətində qalıb.
Müraciətdə bildirilir ki, ailə əvvəlcə Ağdamın Cəvahirli kəndinə, daha sonra Bərdə rayonunun Mollalı kəndinə köçüb. Bir müddət çadırda və vaqonda yaşayan ailə 1993-cü ildə Qaradağ rayonunun Səngəçal qəsəbəsinə gətirilib.
Jurnalist qeyd edib ki, illər keçsə də, ailəsinin doğma Ağdama qayıtmaq arzusu gerçəkləşməyib. Xüsusilə yaşlı anasının doğma torpağını yenidən görmək istəyi onun üçün böyük mənəvi əhəmiyyət daşıyır.
Nuranə Abdullayeva Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə də müraciət etdiyini bildirib. O, müraciətinə münasibətdən narazı qaldığını və haqqında həqiqətə uyğun olmadığını düşündüyü məlumatların yayıldığını qeyd edərək, məsələnin obyektiv araşdırılmasını istəyib.
Jurnalist Prezident İlham Əliyevdən ailəsinin Ağdama qayıdış məsələsinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasına, qayıdışa mane olan səbəblərin müəyyənləşdirilməsinə və ona rəsmi, əsaslandırılmış cavab verilməsinə kömək göstərilməsini xahiş edib.
“Biz heç kimdən imtiyaz istəmirik. Biz sadəcə doğma yurdumuza qayıtmaq istəyirik. İstəmirəm ki, anam doğma Ağdamının həsrəti ilə dünyadan köçsün”, deyə Nuranə Abdullayeva müraciətində vurğulayıb.
Jurnalist ailəsinin müraciətinə qanun çərçivəsində baxılacağına və yaşlı anasının arzusunun nəzərə alınacağına ümid etdiyini bildirib.
Kanal15.tv