Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsalı ilə məşğul olan "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edən Azərbaycan xilasedicilərinə təşəkkür edib.
Xəbər verilir ki, müvafiq görüntülər sosial mediada yayılıb.
Bayraktar Kahramanmaraş bölgəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına minnətdarlıq bildirib.
"Dualarımız sizinlədir. Allah razı olsun. Bütün millətimiz sizə dua edir", - cənab Bayraktar deyib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib. FHN-in 758 nəfər şəxsi heyəti Kahramanmaraş şəhərinə ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.