Bloger Sevin Hüseyova barəsində ittihamedici hökm çıxarıldı - Səidə Bəkirqızı məhkəməni uddu
Jurnalist Səidə Bəkirqızının xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında Sevinc Bağman qızı Hüseynova barəsində ittiham hökmü çıxarılıb. Məhkəmə onu böhtan və təhqir cinayətlərini törətməkdə təqsirli bilib.
Bu barədə Səidə Bəkirqızının hüquqlarını müdafiə edən vəkil Yaqub Nəcəflinin Patrul.az-a verdiyi məlumata görə, baxılan cinayət işi üzrə jurnalistin şikayəti təmin olunub.
Məhkəmənin hökmü ilə Sevinc Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib.
Hər iki maddə üzrə ayrı-ayrılıqda 1500 manat cərimə təyin edilib. Cəzalar qismən toplandığından yekun cəza 2500 manat cərimə müəyyən olunub. Bundan əlavə, 200 manat məhkəmə ekspertizası xərcinin də Sevinc Hüseynovadan tutulmasına qərar verilib.
Cinayət işi Sevinc Hüseynovanın Instagram və “TikTok” sosial şəbəkələrindəki çıxışlarında jurnalist Səidə Bəkirqızı haqqında səsləndirdiyi ifadələrlə bağlı başlanıb.
Şikayətə əsasən, həmin paylaşımlarda jurnalistin şərəf və ləyaqətini alçaldan, peşəkar nüfuzuna xələl gətirən ifadələr və ittihamlar yer alıb.
Vəkil Yaqub Nəcəflinin sözlərinə görə, müdafiə tərəfinin məhkəmədə əsas mövqeyi ondan ibarət olub ki, ifadə azadlığı başqa şəxslərin şərəf və ləyaqətinin alçaldılmasına, eləcə də onlar barəsində böhtan xarakterli məlumatların yayılmasına haqq qazandıra bilməz.
Beləliklə, məhkəmə Sevinc Hüseynovanın Cinayət Məcəlləsinin hər iki maddəsi üzrə təqsirli bilinməsi barədə ittiham hökmü çıxarıb.