Şəhid övladının işlə təmin olunması ilə bağlı şikayət: Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyindən araşdırma tələb olunur
Ağdam rayonunda qeydiyyatda olan, hazırda Bərdə rayonunda yaşayan şəhid övladı Qurbanov Ülfət Əliqismət oğlu Qarabağ Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı narazılığını ifadə edib.
Vətəndaşın redaksiyamıza ünvanladığı müraciətə əsasən, təxminən 11 ay əvvəl Prezident Administrasiyasına və Bərdə Rayon İcra Hakimiyyətinə etdiyi müraciətlərdən sonra övladı Qarabağ Regional Təhsil İdarəsinin vasitəsilə Bərdə rayonundakı məktəblərdən birində kompüter laborantı vəzifəsinə işə qəbul olunub.
Lakin şikayətçinin iddiasına görə, övladı artıq 11 aya yaxındır həmin vəzifədə çalışmasına baxmayaraq, onun əmək müqaviləsinin müddətsiz bağlanması məsələsi həllini tapmır. Bildirilir ki, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli bu məsələ ilə bağlı müxtəlif səbəblər irəli sürür və işçinin qarşısında imtahan tələbi qoyulur.
Qurbanov Ülfət Əliqismət oğlu hesab edir ki, eyni vəzifədə çalışan digər işçilərdən belə bir tələb irəli sürülmədiyi halda, övladına qarşı fərqli yanaşmanın səbəbi aydınlaşdırılmalıdır.
Şikayətçi həmçinin qeyd edir ki, dəfələrlə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin qəbuluna düşməyə çalışsa da, buna nail ola bilməyib. Onun sözlərinə görə, vətəndaşların qəbul günlərində belə müraciətinin dinlənilməsi üçün şərait yaradılmayıb.
Şəhid ailələrinə və şəhid övladlarına dövlət səviyyəsində xüsusi diqqət və həssas münasibət göstərilməsinin vacibliyini vurğulayan şikayətçi, qarşılaşdığı vəziyyətin bu prinsiplərlə uzlaşmadığını düşünür.
O, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin məsələyə münasibətinin və övladının əmək müqaviləsinin müddətsiz bağlanmamasının səbəblərinin obyektiv araşdırılmasını, əmək hüquqlarının təmin olunmasını və aidiyyəti qurumların məsələyə müdaxilə etməsini xahiş edir.
Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin və onun rəhbəri Sənan Mənsimlinin mövqeyini öyrənməyə hazırıq. Qarşı tərəfin açıqlamasını dərc etməyə açığıq.