“27 Sentyabr – Anım Günü ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının tədbirlər planı”nın təsdiq edilməsi haqqında Laçın Rayon İra Hakimiyyəti başçısının 16.09.2026-cı il tarixli, 5-64/3-3-137/2026 nömrəli sərəncamının icrası ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, aidiyyəti üzrə icra nümayəndəliklərinin əməkdaşları və ictimaiyyət nümayəndələri 2026-cı il 23 sentyabr tarixində Ağdam, Yevlax və Şəki rayonları, eyni zamanda Mingəçevir şəhəri ərazisində 44 Günlük Vətən Müharibəsinin şəhidlərinin məzarlarını və ailələrini ziyarət etmişlər.
Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisindəki Şəhidlər Xiyabanında dəfn olunmuş 44 Günlük Vətən Müharibəsinin hərbi şəhidi, Laçın rayonunun Budaqdərə kənd sakini Hacıyev Şükür Aslan oğlunun, Mingəçevir şəhəri ərazisindəki Şəhidlər Xiyabanında dəfn olunmuş 44 Günlük Vətən Müharibəsinin hərbi şəhidi, Laçın rayonunun Qarabəyli kənd sakini Həmidov Pərvin Azər oğlunun, Şəki şəhəri ərazisindəki Şəhidlər Xiyabanında dəfn olunmuş 44 Günlük Vətən Müharibəsinin hərbi şəhidi, Laçın rayonunun Vəlibəyli kənd sakini Qənimətov Ətraf Oktay oğlunun məzarları ziyarət olunmuş, şəhidlərin uyuduğu məzarlar üzərinə tər qərənfillər düzülərək, ruhlarına dualar oxunmuş, onların qəhrəmanlığı və əbədiyaşar xatirələri qarşısında dərin hörmət və minnətdarlıq ifadə olunmuş, xatirələri ehtiramla yad edilmişdir. Sonra şəhidlərin ailə üzvləri ziyarət olunmuşdur. Ziyarət çərçivəsində şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanılmış, onlarla səmimi söhbətlər aparılmışdır. Görüşlərdə şəhidlərimizin şərəfli irsinin qorunmasının və adlarının gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığı vurğulanmışdır.
Ziyarət olunan şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdar olduqlarını bildirmişlər.




