“Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının tədbirlər planının təsdiq edilməsi haqqında” Laçın Rayon İcra Hakimiyyəti başçısının 04.11.2025-ci il tarixli 5-64/3-3-170/2025 nömrəli sərəncamına əsasən həmin Dövlət Proqramını 8.4.11-ci yarımbəndinin icrası ilə bağlı 24.09.2026-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı kompleks tədbirlərin həyata keçirilməsi sahəsində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair tədbir keçirilmişdir. Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Laçın Rayon Polis Şöbəsinin məsul işçiləri, müavfiq inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.
Laçın Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tofiq Mirzəyev tədbirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı kompleks tədbirlərin həyata keçirilməsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ilə çıxış etmişdir. Məruzədə bu sahədə rayon üzrə görülüş işlərdən və qarşıda duran vəzifələrdən geniş bəhs edilmişdir. Narkomanlığın ümumbəşəri bir bəla olduğu və cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinə, insanların sağlamlığına ciddi təhlükə yaratdığı xüsusilə vurğulanmış, rayonda bu istiqamətdə müvafiq və ardıcıl Dövlət Proqramlarının icrası çərçivəsində hədəfli profilaktik tədbirlərin həyata keçirildiyi bildirilmişdir. Vurğulanmışdır ki, məktəblərdə və mədəniyyət ocaqlarında mütəmadi olaraq keçirilən "Narkomanlığa yox deyək!" mövzusundakı görüşlər gənc nəslin zərərli vərdişlərdən uzaq durmasında, sağlam həyat tərzinin təbliğində çox mühüm rol oynayır. Bu işdə aidiyyəti yerli dövlət qurumlarının nümayəndələrinin, habelə ziyalıların və ağsaqqalların üzərinə böyük məsuliyyət düşdüyü tədbir iştirakçılarının diqqətə çatdırılmışdır.
Tədbirdə çıxış edənlər narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizədən, xüsusilə son dövrlər sosial şəbəkələr və onlayn platformalar vasitəsilə yayılmağa çalışılan narkotik şəbəkələrinin ifşa olunması istiqamətində həyata keçirilən operativ tədbirlərdən danışmışlar. Çıxışlarda narkomanlığın erkən mərhələdə aşkarlanması, yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin əhəmiyyəti xüsusilə qeyd edilmişdir.
Tədbirin yekununda rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin daha effektiv təşkili, Laçın rayon sakinlərinin yaşadıqları şəhər, kənd və qəsəbələrdə profilaktik maarifləndirmə işlərinin əhatə dairəsinin genişləndirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün müvafiq təşkilatların fəaliyyətinin artırılması barədə aidiyyəti qurumlara konkret tapşırıqlar verilmişdir. 



