Ukrayna bu gün səhər saatlarında Rusiyanın Bryansk vilayətində dəmir yolu infrastrukturuna pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı regionun qubernatoru Yeqor Kovalçuk açıqlayıb.
Onun sözlərinə görə, zərbələr nəticəsində Dyatkovo-Lyudinovo keçidində dəmir yolu körpüsünün bir hissəsi uçub, 10 vaqon isə relsdən çıxdı.
Bundan başqa, regionun Uneçsk rayonunda dəmir yolu xətti hücuma məruz qalıb. Hücum nəticəsində 18 ədəd boş yarımvaqon relsdən çıxıb. Navlinsk rayonunda isə pilotsuz uçuş aparatı dəmir yolu örtüyünü zədələyib.
Kovalçuk bu 3 hücum nəticəsində xəsarət alanların olmadığını bildirib.
Qeyd edək ki, bu, Ukraynanın Rusiyanın dəmir yollarına dronlarla zərbə endirməsi ilə bağlı ilk haldır. Daha əvvəl Rusiya-Ukrayna müharibəsi dövründə Rusiya ərazisində dəmir yolu xətlərinin partladılması ilə bağlı bir neçə hadisə baş verib.